1 noyabr 2026. Bazar günü

Dakar-2026: Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib


  • Offside
  • 07:45 01.11.2026
  • Oxunma sayı: 43
Dakar-2026: Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib

Oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi təşkil olunub.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, Afrika qitəsində ilk dəfə keçirilən mötəbər idman tədbirinin açılış mərasiminə “Abdulaye Vade” stadionu ev sahibliyi edib.

Təntənəli mərasim Afrikanın zəngin mədəniyyətini, Seneqalın tarixini və adət-ənənələrini əks etdirən bədii proqramla başlayıb. Yerli etnoqrafik motivlər əsasında hazırlanan rəqs kompozisiyaları və səhnə çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Açılış mərasiminin əsas məqamlarından biri atletlərin paradı olub. Olimpiya ənənəsinə uyğun olaraq, paradda ilk olaraq Yunanıstan komandası keçib. Daha sonra digər ölkələrin nümayəndə heyətləri ilə birlikdə Azərbaycan millisi də arenada yürüş edib.

Gender bərabərliyi prinsipi əsasında Azərbaycan bayrağını üzgüçülər Süleyman İsmayılzadə və Məryəm Cavadova daşıyıblar. Süleyman İsmayılzadə III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı, Məryəm Cavadova isə VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısıdır.

Dakar-2026 Təşkilat Komitəsinin prezidenti Mamadou Diaqna Ndiaye çıxışında Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ilk dəfə Afrika qitəsində keçirilməsinin tarixi əhəmiyyətini vurğulayıb. O, tədbirin təşkilində iştirak edən Seneqal rəhbərliyinə, Beynəlxalq Olimpiya Komitəsinə və Təşkilat Komitəsinin üzvlərinə təşəkkür edib.

Mamadou Diaqna Ndiaye Olimpiya məşəlinin Seneqalın 14 regionunu əhatə edən səyahətinin xalqı bir araya gətirdiyini bildirib. O, Oyunların yalnız idman yarışları deyil, həm də dostluq, birlik, qarşılıqlı hörmət və mədəniyyətlərarası dialoq platforması olduğunu qeyd edib. Təşkilat Komitəsinin prezidenti gənc idmançıları rəqabətlə yanaşı, dostluq və qarşılıqlı dəstəyə də önəm verməyə çağırıb.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri də çıxışında Oyunların Afrika qitəsində təşkilini Olimpiya Hərəkatı üçün tarixi hadisə kimi qiymətləndirib. O, yarışların yüksək səviyyədə təşkili və idmançılara göstərilən qonaqpərvərliyə görə Seneqal rəhbərliyinə, təşkilatçılara, könüllülərə və yerli əhaliyə təşəkkürünü bildirib.

Kirsti Koventri gənclərin Oyunların təşkilində fəal iştirakını xüsusi vurğulayaraq, bu tədbiri “gənclər üçün, gənclərin təşkil etdiyi Oyunlar” kimi səciyyələndirib. O, yeniyetmə idmançıları cəsarətli olmağa, yeni dostlar qazanmağa, fərqli ölkələrin nümayəndələri ilə ünsiyyət qurmağa və Olimpiya təcrübəsindən zövq almağa çağırıb.

Daha sonra Seneqal Prezidenti Bassiru Diomay Fayenin Oyunları açıq elan etməsi ilə yarışlara rəsmi start verilib. Təntənəli mərasim çərçivəsində Olimpiya bayrağı arenaya gətirilib və Olimpiya məşəli alovlandırılıb.

Noyabrın 13-dək davam edəcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında dünyanın müxtəlif ölkələrindən olan idmançılar 25 idman növü üzrə mübarizə aparacaqlar. Afrika qitəsində ilk dəfə təşkil olunan yarışda Azərbaycan 8 idman növündə 13 idmançı ilə təmsil olunacaq.

Azərbaycan millisi çimərlik güləşi, üzgüçülük, taekvondo, boks, qılıncoynatma, şosse velosipedi, cüdo və atletika növlərində çıxış edəcək.

Ölkəmizi çimərlik güləşində Günel Kərimli (55 kq), Elgün Kərimli (90 kq), Tunar Quliyev (70 kq) və Nihad Süleymanlı (80 kq), üzgüçülükdə Süleyman İsmayılzadə və Məryəm Cavadova, taekvondoda Zəhra İsayeva (44 kq) və Adil Kazımlı (73 kq), boksda Gülər Hüseynova (51 kq), qılıncoynatmada Abbas Hüseynov, şosse velosipedində Nihad Xudoyev, cüdoda İbrahim Talıbov (55 kq), atletikada isə Daniil Şuvayev təmsil edəcək.

Azərbaycan idmançılarından ilk olaraq cüdoçu İbrahim Talıbov mübarizəyə qoşulacaq. O, noyabrın 1-də 55 kq çəki dərəcəsində 1/4 final mərhələsində Mərkəzi Afrika Respublikasından İbrahim Mussa – Əfqanıstan təmsilçisi Cahan Zib Tarin cütünün qalibi ilə qarşılaşacaq.







Offside