1 noyabr 2026. Bazar günü

Bakıda VI “Qələbə qaçışı”na start verilib


  • Offside
  • 10:28 01.11.2026
  • Oxunma sayı: 48
Bakıda VI “Qələbə qaçışı”na start verilib

Bakıda Vətən müharibəsində qazanılan tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş ənənəvi “Qələbə qaçışı”na start verilib.

90deqiqe.Az-ın məlumatına görə, yarışdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometr məsafə qət edəcəklər.

Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir bu il də “Qürurla irəli” şüarı altında təşkil olunur.

Altıncı dəfə baş tutan “Qələbə qaçışı” bu il rekord sayda iştirakçını bir araya gətirib. Yarışda 2000-ə yaxın şəxs mübarizə aparır.

Xeyriyyə məqsədi daşıyan tədbirdə hər bir iştirakçı qeydiyyat zamanı minimum 20 manat məbləğində ianə edib. Toplanan vəsaitin tam məbləği “YAŞAT” Fonduna köçürüləcək.

Finiş xəttinə ilk çatan iştirakçılar mükafatlandırılacaqlar. Qaçışdan sonra iştirakçılar və qonaqlar üçün konsert proqramı təşkil olunacaq. Proqram çərçivəsində Xalq artisti Röya, Murad Arif və digər tanınmış ifaçılar çıxış edəcəklər.

Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir.







Offside