1 noyabr 2026. Bazar günü

Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı keçiriləcək


  • Offside
  • 12:54 01.11.2026
  • Oxunma sayı: 40
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı keçiriləcək

Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında isə XII dünya çempionatı təşkil olunacaq.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, FHN və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda 20-dən çox ölkədən 400-dən artıq iştirakçının iştirakı gözlənilir.

Azərbaycan İdman Akademiyasının stadionunda baş tutacaq çempionat yanğın və xilasetmə idmanının inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və müxtəlif ölkələrin idmançıları arasında təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət daşıyır.

Noyabrın 8-dək davam edəcək yarışda iştirakçılar dörd növ üzrə mübarizə aparacaqlar. Bunlara hücum nərdivanı ilə tədris qülləsinin ikinci və dördüncü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4x100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı daxildir.

İdmançılar yarışlarda sürət, çeviklik, fiziki hazırlıq və peşəkar bacarıqlarını nümayiş etdirərək dünya çempionluğu uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, dünya çempionatı çərçivəsində bir sıra ölkələrin müvafiq qurumlarının və beynəlxalq təşkilatların rəhbər şəxslərinin də Azərbaycana səfərləri nəzərdə tutulub.







Offside