- Offside
- 15:56 01.11.2026
Vətən müharibəsində qazanılan tarixi Zəfərin 6-cı ildönümünə həsr olunan ənənəvi “Qələbə qaçışı” Bakıda keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutan yarış “Qürurla irəli” şüarı altında təşkil olunub.
Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometrlik məsafəni qət ediblər.
Vətən müharibəsi şəhidlərinin övladları builki “Qələbə qaçışı”nın fəxri iştirakçıları olublar. Onlar finiş xəttində iştirakçıları qarşılayaraq məsafəni başa vuran hər bir qaçışçıya medal təqdim ediblər.
Bu il yarışda 2000-dən çox şəxs iştirak edib. Bu, “Qələbə qaçışı”nın 2021-ci ildən bəri keçirilən bütün buraxılışları arasında rekord göstəricidir.
Kişilərin mübarizəsində Bəxtiyar Əsgərli birinci, Loğman İsrafilli ikinci, Əli Rzazadə isə üçüncü yeri tutub. Qadınlar arasında Anna Yusupova qalib gəlib. Qənirə Həsənova ikinci, Arzu Məmmədbəyova isə üçüncü olub.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov təqdim ediblər.
İki gün ərzində Dənizkənarı Milli Parkda fəaliyyət göstərən əyləncə zonasında müxtəlif tədbirlər təşkil olunub. Qaçışdan sonra keçirilən konsert proqramında Xalq artisti Röya, eləcə də tanınmış müğənnilər Murad Arif və Mərdan çıxış ediblər.
Xeyriyyə məqsədi daşıyan yarış çərçivəsində qeydiyyatdan əldə olunan bütün vəsait “YAŞAT” Fonduna ianə ediləcək.
Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir.