2 noyabr 2026. Bazar ertəsi

Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri təşkil olunub


  • Offside
  • 09:54 02.11.2026
  • Oxunma sayı: 45
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri təşkil olunub

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan İdman Akademiyasının Tələbə və könüllülərlə iş şöbəsinin birgə təşkilatçılığı ilə Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib.

AzVİF-dən 90deqiqe.Az-a verilən məlumata görə, təşəbbüsün əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, velosiped idmanına marağı artırmaq və təhlükəsiz idman mühitinin formalaşdırılmasına töhfə verməkdir.

Tədbirdə çıxış edən federasiyanın baş katibi Əli Məmmədov bu cür təşəbbüslərin gənclərin idmana cəlb olunması, idman infrastrukturu ilə tanışlığı və təhlükəsizlik qaydaları barədə məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb. O, AzVİF-in gənclərlə əməkdaşlığa xüsusi önəm verdiyini və bu istiqamətdə layihələrin davam etdiriləcəyini bildirib.

Daha sonra AzVİF-in “Təhlükəsiz İdman” üzrə məsul şəxsi Vüsal Baloğlanov tələbələr üçün velosiped idmanında beynəlxalq “Təhlükəsiz İdman” çərçivəsinə həsr olunmuş maarifləndirici təlim keçib. Təlim zamanı idmançıların hüquqlarının qorunması, təhlükəsiz idman mühitinin təmin edilməsi və davranış qaydaları barədə məlumat verilib.

Proqram çərçivəsində təşkil olunan infotur zamanı tələbələr Respublika Velotrekində yaradılmış infrastruktur, idman qurğuları və müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar.

Tədbirin idman hissəsində veloyürüş təşkil edilib və iştirakçılara sertifikatlar təqdim olunub. Həmçinin, federasiya ilə səmərəli əməkdaşlığa və tədbirin təşkilinə verdiyi töhfəyə görə Azərbaycan İdman Akademiyasının Tələbə və könüllülərlə iş şöbəsinin müdiri Nəzrin Ömərzadə AzVİF tərəfindən təşəkkürnamə ilə təltif edilib.







Offside