- Offside
- 21:10 02.11.2026
Bakıda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər Kuboku” karate yarışı təşkil olunub.
Azərbaycan Karate Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, turnirin təntənəli açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyəti vurğulanıb, bu Zəfərin Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqın birlik və həmrəyliyinin təcəssümü olduğu qeyd edilib. Həmçinin şəhidlərin xatirəsinə ehtiram ifadə olunub, qazilərin şücaəti və fədakarlığı diqqətə çatdırılıb.
Açılış mərasimində Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri, məşqçilər, idmançılar və digər qonaqlar iştirak ediblər.
Turnirdə müxtəlif yaş və çəki dərəcələri üzrə 300-ə yaxın yeniyetmə və gənc karateçi mübarizə aparıb.
Yarışın əsas məqsədi Zəfər Gününün tarixi əhəmiyyətini gənc nəslə aşılamaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, eləcə də ölkədə karatenin inkişafını və kütləviliyini təşviq etmək olub.
Tədbir çərçivəsində idmanın inkişafında və gənclərin sağlam, vətənpərvər ruhda yetişdirilməsində xidmətləri ilə fərqlənən bir sıra şəxslər təltif olunublar.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirin sonunda qalib və mükafatçılara Zəfər Günü münasibətilə xüsusi hazırlanmış medallar, kuboklar və xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Azərbaycan Karate Federasiyasının və “Kyokuşin (kay) SENŞİ karate” üslubunun KWF nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.