2 noyabr 2026. Bazar ertəsi

Azərbaycanın U-16 milliləri EEVZA çempionatında mübarizə aparacaqlar


  • Offside
  • 15:53 02.11.2026
  • Oxunma sayı: 50
Azərbaycanın U-16 milliləri EEVZA çempionatında mübarizə aparacaqlar

Azərbaycanın 16 yaşadək oğlan və qızlardan ibarət voleybol komandaları Avropa çempionatının I təsnifat mərhələsi çərçivəsində EEVZA (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) çempionatında iştirak edəcəklər.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, oğlanlardan ibarət U-16 millimiz Latviyanın paytaxtı Riqada mübarizə aparacaq. B qrupunda yer alan komandamız Latviya və Finlandiya yığmaları ilə qarşılaşacaq. A qrupunda isə Polşa, Estoniya və Ukrayna kollektivləri yer alıblar.

Qızlardan ibarət millimiz isə Estoniyanın Kaariku şəhərində qüvvəsini sınayacaq. B qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Estoniya, Litva və Ukrayna yığmaları olacaq. A qrupunda Polşa, Gürcüstan və Finlandiya komandaları çıxış edəcəklər.

Reqlamentə əsasən, qruplarda ilk üç yeri tutan komandalar yekun sıralama uğrunda mübarizə aparacaqlar. Qrup qalibləri (A1 – B1) finalda turnirin çempionunu müəyyənləşdirəcəklər. İkinci və üçüncü yerləri tutan komandalar isə müvafiq olaraq A2 – B2 və A3 – B3 qarşılaşmalarında üz-üzə gələcəklər.

A1 – B1 görüşünün qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Oğlanlar

19 noyabr

18:00. Latviya – Azərbaycan

20 noyabr

18:00. Azərbaycan – Finlandiya

Qızlar

19 noyabr

19:00. Estoniya – Azərbaycan

20 noyabr

16:00. Azərbaycan – Ukrayna

21 noyabr

19:00. Litva – Azərbaycan

Qeyd edək ki, EEVZA çempionatı noyabrın 19-dan 22-dək keçiriləcək. Oyunların başlama saatları yerli vaxtla göstərilib.







Offside