- Offside
- 21:10 02.11.2026
Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Üzgüçülük Federasiyasının əməkdaşlığı ilə həyata keçirilən “Üzməyi öyrənək” layihəsi 2026-cı ilin noyabr-dekabr aylarında səkkizinci dəfə təşkil olunacaq.
Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, layihənin əsas məqsədi məktəblilərə üzgüçülük bacarıqlarını öyrətmək, onlarda suda təhlükəsiz davranış vərdişləri formalaşdırmaq və sağlam həyat tərzini təşviq etməkdir.
Layihə çərçivəsində 1-8-ci sinif şagirdləri məşqçilərin rəhbərliyi altında üzgüçülük təlimlərinə cəlb olunacaqlar. Bir ay davam edəcək məşğələlər ödənişsiz təşkil ediləcək. Layihənin ölkə üzrə 33 idman obyektində həyata keçirilməsi və 60 məktəbi əhatə etməsi nəzərdə tutulur.
Təlimlər zamanı şagirdlərə üzgüçülüyün əsas texnikalarının öyrədilməsinə, suda təhlükəsiz davranış qaydalarının aşılanmasına və onların idmana marağının artırılmasına xüsusi diqqət yetiriləcək.
Layihə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, eləcə də Abşeron, Ağcabədi, Ağdaş, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hövsan, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Lənkəran, Neftçala, Oğuz, Saatlı, Salyan, Sumqayıt, Şəki, Şəmkir, Şirvan, Tərtər, Yevlax və Zaqatala Olimpiya İdman komplekslərində keçiriləcək.