5 noyabr 2026. Cümə axşamı

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılış mərasimi keçirilib


  • Offside
  • 20:03 04.11.2026
  • Oxunma sayı: 30
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında isə XII dünya çempionatının rəsmi açılış mərasimi təşkil olunub.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, federasiyanın prezidenti Aleksandr Çuprian, Rusiya və Belarusun fövqəladə hallar nazirləri, digər ölkələrin nümayəndə heyətləri, idmançılar, hakimlər və çoxsaylı qonaqlar iştirak ediblər.

Açılış mərasimində əvvəlcə federasiyanın əsas hakimlər kollegiyasının üzvlərinin və 17 ölkənin komandalarının paradı keçirilib. Azərbaycanla yanaşı, Avstriya, Bolqarıstan, Belarus, Rumıniya, Çin, Çexiya, Almaniya, İran, Qazaxıstan, Qırğızıstan, Polşa, Rusiya, Slovakiya, Türkiyə, Özbəkistan və Vyetnamın nümayəndə heyətləri arenaya daxil olublar.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı və federasiyanın bayrağı meydana gətirilib, Dövlət Himni və qurumun himni səsləndirilib.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanın beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini, ölkədə müasir idman infrastrukturunun yaradılmasına və müxtəlif idman növlərinin inkişafına xüsusi diqqət yetirildiyini bildirib.

Nazir Bakıda keçirilən dünya çempionatının yanğınsöndürmə-xilasetmə idmanının inkişafına, müxtəlif ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın genişlənməsinə və təcrübə mübadiləsinə mühüm töhfə verəcəyini vurğulayıb. O, yarışın iştirakçıları arasında dostluq, qarşılıqlı hörmət və peşəkar əlaqələrin möhkəmlənməsinin əhəmiyyətini qeyd edərək idmançılara uğurlar arzulayıb.

Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, qurumun direktoru Andrey Kalinin və baş hakim Aleksandr Klitonçik də çıxışlarında çempionatın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür ediblər. Onlar yarış üçün yaradılan şəraiti və təşkilati işləri yüksək qiymətləndiriblər.

Sonra kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı açıq elan olunub. Mərasim çərçivəsində Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən videoçarxlar nümayiş etdirilib, milli musiqi və rəqs nümunələrindən ibarət bədii proqram təqdim olunub.

Açılış mərasimindən sonra çempionatın proqramına uyğun olaraq hücum nərdivanı ilə qalxma növündə kişilər arasında yarımfinal və final, qadınlar arasında isə final yarışları keçirilib.







Offside