- Offside
- 02:16 05.11.2026
Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) prezidenti Anar Quliyev İraqın Süleymaniyə şəhərində keçirilən Asiya Kubokunun II mərhələsinin mükafatçıları ilə görüşərək onların nəticələrini yüksək qiymətləndirib.
AKOF-dan 90deqiqe.Az-a verilən məlumata görə, qadınlardan ibarət Azərbaycan millisinin üzvləri Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürrəhmanova komanda yarışında qızıl medal qazanıblar. Yaylagül Ramazanova və Məhəmmədəli Əliyev isə qarışıq komanda yarışında gümüş medala sahib çıxıblar.
Görüş zamanı Anar Quliyev idmançıları uğurlu çıxışları münasibətilə təbrik edib, onların hazırlığında və yüksək nəticələr əldə etməsində məşqçi heyətinin əməyini xüsusi qeyd edib. O, Asiya Kubokunda ilk dəfə iştirak edən Azərbaycan millisinin uğurlu çıxışını yüksək dəyərləndirib.
Söhbət zamanı qarşıdakı beynəlxalq yarışlara, o cümlədən Yay Olimpiya Oyunlarına hazırlıq, məşq prosesinin təkmilləşdirilməsi və idmançıların peşəkar inkişafı üçün lazımi şəraitin yaradılması məsələləri də müzakirə olunub.
Qeyd edək ki, 19 ölkədən 120 idmançının iştirak etdiyi turnirdə Azərbaycan qadın komandası finalda Qazaxıstan yığmasını məğlub edərək qızıl medal qazanıb. Qarışıq komanda yarışında isə təmsilçilərimiz ikinci yeri tutublar.