5 noyabr 2026. Cümə axşamı

Sumqayıtda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı keçirilir


  • Offside
  • 18:43 04.11.2026
  • Oxunma sayı: 30
Sumqayıtda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı keçirilir

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Sumqayıt Cüdo Təlim Mərkəzində region məşqçiləri üçün altı günlük peşəkar inkişaf proqramına start verilib.

ACF-dən 90deqiqe.Az-a verilən məlumata görə, proqramın əsas məqsədi məşqçilərin nəzəri və praktiki biliklərini yeniləmək, müasir məşq metodları, yarış qaydaları və idmançı hazırlığının müxtəlif istiqamətləri üzrə peşəkar bacarıqlarını təkmilləşdirməkdir.

Təlimlər çərçivəsində tutuş texnikası (kumikata), saxlama fəndləri (osaekomi), boğma fəndləri (şime-vaza), ayaqüstü mübarizədən (taçi-vaza) yerdə mübarizəyə (ne-vaza) keçidlər, tatami üzərində xüsusi fiziki hazırlıq və rəqibə qarşı taktikanın qurulması kimi texniki-praktiki mövzular əhatə olunur.

Bununla yanaşı, iştirakçılar yeni hakimlik qaydaları, “Judo Manager” sistemi və fiziki hazırlıq üzrə biliklərini də artırırlar.

Proqram yalnız tatami üzərində məşqlərlə məhdudlaşmır. Məşqçilər üçün yeniyetmələrlə düzgün psixoloji yanaşma, sosial şəbəkələrin idarə olunması və media ilə ünsiyyət mövzularında da təlimlər keçirilir.

Altı günlük proqramın sonunda iştirakçıların bilik və bacarıqları qiymətləndiriləcək. Kursu uğurla başa vuran məşqçilərə sertifikatlar təqdim olunacaq.







Offside