5 noyabr 2026. Cümə axşamı

Azərbaycan gimnastları dünya çempionatında üç proqram üzrə finala vəsiqə qazanıblar


  • Offside
  • 21:26 04.11.2026
  • Oxunma sayı: 35
Azərbaycan gimnastları dünya çempionatında üç proqram üzrə finala vəsiqə qazanıblar

Azərbaycan gimnastları Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında uğurlu çıxış edirlər.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) 90deqiqe.Az-a verilən məlumata görə, batut gimnastikası üzrə qarışıq sinxron proqramda ölkəmizi 2026-cı il Dünya Kuboku seriyasının qalibləri Selcan Mahsudova və Maqsud Mahsudov təmsil edirlər. Kişilərin sinxron proqramında isə Maqsud Mahsudov və Hüseyn Abbasov çıxış edirlər. Selcan və Maqsud Mahsudov fərdi proqramda da mübarizə aparacaqlar.

Tamblinq üzrə Azərbaycan millisinin heyətində komanda hesabında ikiqat dünya çempionları Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşov yer alıblar.

Çempionatın ilk təsnifat günü təmsilçilərimiz üçün uğurlu nəticələrlə yadda qalıb. Batut gimnastikası üzrə qarışıq sinxron proqramda çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov 50,250 xal toplayaraq yarımfinala vəsiqə qazanıblar.

Tamblinq üzrə Tofiq Əliyev 59,500 xalla təsnifat mərhələsini lider kimi başa vuraraq növbəti mərhələyə yüksəlib. Mixail Malkin isə 57,100 xalla dördüncü yeri tutaraq ikinci təsnifat mərhələsində iştirak hüququ əldə edib.

İlk dəfə böyüklər arasında dünya çempionatında iştirak edən Aleksey Karataşov da 54,400 xal toplayaraq ikinci təsnifat mərhələsinə adlayıb.

Komanda yarışında da Azərbaycan gimnastları fərqləniblər. Tamblinq üzrə milli komandamız ümumilikdə 87,200 xal toplayaraq sıralamada birinci yeri tutub və final mərhələsinə vəsiqə qazanıb.

Noyabrın 5-də batut gimnastikası üzrə fərdi proqramlarda mübarizəyə start veriləcək. Bu növdə Selcan Mahsudova və Maqsud Mahsudov fərdi çıxışları ilə ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, dünya çempionatına noyabrın 8-də yekun vurulacaq.







Offside