5 noyabr 2026. Cümə axşamı

Gəncədə 300 şagird üçün təmiz idman mövzusunda maarifləndirici tədbir keçirilib


  • Offside
  • 12:29 05.11.2026
  • Oxunma sayı: 33
Gəncədə 300 şagird üçün təmiz idman mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Gəncə şəhərində təmiz idman dəyərlərinin təbliği məqsədilə maarifləndirici tədbir təşkil olunub.

90deqiqe.Az-ın məlumatına görə, İnternat Tipli Xarici Dillər Təmayüllü Gimnaziyada keçirilən tədbirdə Gəncə Regional Basketbol Akademiyasının üzvləri və gimnaziyanın ümumilikdə 300 şagirdi iştirak edib.

Tədbirin açılışında çıxış edən gimnaziyanın direktor əvəzi Şəhla Babayeva qonaqları salamlayaraq, bu kimi maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayıb. O, gənclər arasında sağlam həyat tərzinin təşviqinin, idmana və şəxsi sağlamlığa məsuliyyətli yanaşmanın formalaşdırılmasının vacibliyini qeyd edib.

Daha sonra AMADA nümayəndəsi tərəfindən iştirakçılara təmiz idman prinsipləri, idmançıların hüquq və öhdəlikləri, dopinq istifadəsinin sağlamlığa və idman karyerasına mənfi təsirləri barədə ətraflı məlumat verilib. Eyni zamanda narkotik vasitələrin istifadəsinin fəsadları və sağlam həyat tərzinin əhəmiyyəti diqqətə çatdırılıb.

İnteraktiv şəkildə davam edən tədbir zamanı şagirdlərin sualları cavablandırılıb, onların antidopinq qaydaları və təmiz idman prinsipləri ilə bağlı məlumatlılığının artırılması istiqamətində müzakirələr aparılıb.







Offside