7 noyabr 2026. Şənbə

Azərbaycanın stolüstü tennisçiləri Avrasiya Liqasında liderlik edir


  • Offside
  • 13:32 06.11.2026
  • Oxunma sayı: 6
Azərbaycanın stolüstü tennisçiləri Avrasiya Liqasında liderlik edir

Azərbaycanın stolüstü tennis üzrə yığma komandaları Qazaxıstanda keçirilən Avrasiya Liqasında mübarizəni davam etdirirlər.

Azərbaycan Stolüstü Tennis Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, qadınlardan ibarət milli komanda üçüncü turun oyunlarını Pavlodar şəhərində keçirəcək. Baş məşqçi Fərhad İsmayılovun rəhbərlik etdiyi heyətdə Ləman Abdulhəmidova, Aylin Əsgərova və Şəbnəm Mansurova yer alıblar.

Oğlanlardan ibarət seçmə komandamız isə Almatı şəhərində üçüncü turun görüşlərinə çıxacaq. Baş məşqçi Ramil Cəfərovun rəhbərliyi altında Onur Quluzadə, Adil Əhmədzadə və Rüstəm Hacılı ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan və Türkmənistan idmançılarının iştirak etdiyi Avrasiya Liqasında hər iki komandamız ilk iki turun nəticələrinə əsasən, 12 kollektiv arasında turnir cədvəlinə başçılıq edir.

Üçüncü turun oyunlarına noyabrın 8-də yekun vurulacaq. Yarışın sonuncu turunun görüşləri isə dekabr ayında keçiriləcək.







Offside