- Offside
- 22:08 06.11.2026
Futzal üzrə 2028-ci il dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Latviya qarşılaşmasının hakim təyinatları açıqlanıb.
90deqiqe.Az-ın məlumatına görə, noyabrın 8-də Bakı İdman Sarayında baş tutacaq görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Dino Kramar olacaq. Ona Nikola Jeliç və Nina Nakiç kömək edəcəklər. Qarşılaşmanın vaxtölçən hakimi (timekeeper) Hidayat Feyzullayev (Azərbaycan), hakim-inspektoru Angelo Qalante (İtaliya), UEFA nümayəndəsi isə Stefan Kammerer (Almaniya) olacaq.
Qeyd edək ki, Azərbaycan – Latviya oyunu saat 20:00-da başlayacaq. Görüş DÇ-2028-in əsas seçmə mərhələsinin XII qrupu çərçivəsində keçiriləcək.
Qrupda Çexiya üç oyundan sonra 5 xalla liderdir. Bir oyun keçirən Latviya 1 xalla ikinci, iki qarşılaşmadan sonra eyni xala malik Azərbaycan millisi isə üçüncü pillədə qərarlaşıb.