- Offside
- 22:08 06.11.2026
8 Noyabr – Zəfər Günü münasibətilə Gəncənin “Kəpəz” futbol klubunda Vətən müharibəsi şəhidlərinin övladları üçün görüş təşkil olunub.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə rəhbərlik, əsas komandanın məşqçiləri və futbolçuları, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Görüşün əvvəlində şəhid övladları “Kəpəz” İctimai Birliyinin İdarə Heyətinin sədri Anar Abdullayev və komandanın baş məşqçisi Azər Məmmədovla birlikdə futbolçuların məşq prosesini izləyiblər. Uşaqlar klub rəhbərliyinə və baş məşqçiyə onları maraqlandıran sualları ünvanlayıblar.
Məşqin sonunda uşaqlar meydançaya çıxaraq “Kəpəz”in futbolçuları ilə yaxından tanış olmaq və ünsiyyət qurmaq imkanı əldə ediblər.
Anar Abdullayev çıxışında 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbəni xatırladaraq, şəhid ailələrinin üzvlərinə diqqət və qayğının vacibliyini vurğulayıb. O, ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını itirən şəhidlərin ailələrinə dəstəyin əhəmiyyətini qeyd edib.
Baş məşqçi Azər Məmmədov da görüş iştirakçılarına Zəfər Gününün tarixi əhəmiyyəti barədə məlumat verib.
Tədbirin sonunda şəhid övladlarına hədiyyələr təqdim olunub.