- Offside
- 22:08 06.11.2026
Bakıda keçirilən yanğınsöndürmə-xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı çərçivəsində 4x100 metr məsafəyə yanğın estafeti üzrə yarışlar baş tutub.
Fövqəladə Hallar Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, gərgin idman mübarizəsindən sonra hər iki kateqoriya üzrə qalib və mükafatçılar bəlli olub.
Kişilərin yarışında Belarus komandası bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. Çin yığması ikinci, Rusiya komandası isə üçüncü yeri tutub.
Qadınların mübarizəsində Rusiya komandası fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Özbəkistan ikinci, Belarus isə üçüncü yerdə qərarlaşıb.
Qalib və mükafatçılara medalları Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının baş katibi Andrey Kulik təqdim edib.
Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.