7 noyabr 2026. Şənbə

Beynəlxalq Çövkən Federasiyasına 7 ölkə üzv qəbul edildi


  • Offside
  • 22:08 06.11.2026
  • Oxunma sayı: 15
Beynəlxalq Çövkən Federasiyasına 7 ölkə üzv qəbul edildi

Noyabrın 6-da Misirin Marsa Alam şəhərində Beynəlxalq Çövkən Federasiyasının (ICF) 4-cü Assambleyası keçirilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) 90deqiqe.Az-a bildirilib ki, 58 ölkənin iştirakı ilə baş tutan Assambleyada beynəlxalq çövkən idmanının gələcək inkişafı, 2027-ci il kontinental çempionatlarının təşkili, regional qrupların fəaliyyəti, federasiyanın üzvlük məsələləri və idman qaydalarına dəyişikliklər müzakirə olunub. Assambleya çərçivəsində 2027-ci ildə keçiriləcək kontinental çempionatların ev sahibi ölkələri müəyyən edilib. Belə ki, Avropa çempionatının Böyük Britaniyada, Asiya çempionatının Qazaxıstanda, Afrika çempionatının Mərakeşdə, Cənubi Amerika çempionatının isə Çilidə keçirilməsi qərara alınıb.

Küveytin təşəbbüsü ilə Körfəz ölkələri Regional Qrupunun yaradılması məsələsi səsverməyə çıxarılıb və iştirakçıların səs çoxluğu ilə təsdiqlənib. Səsvermə nəticəsində Küveytdən olan nümayəndə regional qrupun rəhbəri seçilib. Bununla yanaşı, Asiya və Avropa regional qruplarının rəhbərləri də səsvermə yolu ilə yenidən müəyyənləşdirilib. Yeni seçilmiş rəhbərlərin səlahiyyət müddəti 2029-cu ilədək qüvvədə olacaq.

Assambleyada çövkən idmanının qaydalarına da dəyişikliklər edilib. Xüsusilə qırmızı kart və penalti tətbiqi ilə bağlı qaydalar müzakirə olunaraq yenilənib.

Tədbir zamanı Netflix platformasında yayımlanacaq “Horses and Human” adlı filmin qısa treyleri təqdim edilib. Filmin 2027-ci ilin mart ayında Netflix platformasında yayımlanması nəzərdə tutulur.

Assambleyanın mühüm qərarlarından biri də Federasiyanın yeni üzvlərinin qəbul edilməsi olub. Səsvermə nəticəsində Bəhreyn, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və İran Beynəlxalq Çövkən Federasiyasının yeni üzvləri kimi təsdiqlənib.Bundan əlavə, üzv ölkələrin digər təklifləri də nəzərdən keçirilib, müzakirələr aparılıb və beynəlxalq çövkən idmanının inkişafına dair müxtəlif məsələlər diqqətə alınıb.

Assambleyanın proqramına uyğun olaraq, noyabrın 7-də iştirakçı ölkələrin nümayəndələrinin iştirakı ilə yoldaşlıq çövkən oyununun keçirilməsi planlaşdırılır.







Offside