- Offside
- 13:28 07.11.2026
Azərbaycan gimnastı Selcan Mahsudova Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu dünya çempionatında daha bir uğura imza atıb.
Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, milli komandanın üzvü qadınların fərdi proqramı üzrə yarımfinal mərhələsində 56,140 xal toplayaraq altıncı yeri tutub və finala vəsiqə qazanıb.
Mahsudovanın çıxışının diqqətçəkən məqamlarından biri Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Brayoni Peydci altı pillə geridə qoyması olub.
Kişilərin fərdi proqramında mübarizə aparan digər təmsilçimiz Maqsud Mahsudov isə yarımfinalda 37,850 xal toplayaraq 20-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq sinxron proqramda da finala yüksəliblər. Beləliklə, Selcan Mahsudova dünya çempionatında iki proqram üzrə medal uğrunda mübarizə aparacaq.
Azərbaycan gimnastlarının dünya çempionatında çıxışları davam edir.