- Offside
- 00:14 08.11.2026
Bakıda Fövqəladə Hallar Nazirliyi (FHN) və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında isə XII dünya çempionatının təntənəli bağlanış və mükafatlandırma mərasimi keçirilib.
FHN-dən 90deqiqe.Az-a bildirilib ki, Dövlət Himninin səsləndirilməsi və yarışın yaddaqalan anlarını əks etdirən videoçarxın nümayişindən sonra çıxış edən fövqəladə hallar nazirinin müavini general-mayor Yusif Nəbiyev Azərbaycanda idmana göstərilən dövlət qayğısından və yarışın dostluq əlaqələrinin möhkəmlənməsindəki rolundan bəhs edib.
Mərasimdə qalib komandalar mükafatlandırılıb. Ümumi nəticələrə görə həm qadınlar, həm də kişilər arasında I yerə Rusiya, II yerə Belarus, III yerə isə Qazaxıstan komandaları layiq görülüblər.
Tədbir çərçivəsində çempionatın bayrağı növbəti ev sahibi olan Belarusun Fövqəladə Hallar Nazirliyinə təhvil verilib. Beynəlxalq federasiyanın prezidenti Aleksandr Çuprian yüksək təşkilatçılığa görə Azərbaycana minnətdarlığını bildirərək çempionatı bağlı elan edib.
Sonda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib və mərasim konsert proqramı ilə yekunlaşıb.