- Offside
- 22:48 08.11.2026
Azərbaycan karateçiləri Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Open 2026 - Grand Prix” beynəlxalq turnirində yeddi medal qazanaraq komanda hesabında üçüncü yeri tutublar.
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, noyabrın 7-8 -də "Fullkontakt şinkyokuşin karate" üslubu üzrə təşkil olunan yarışda 12 ölkədən yeniyetmə, gənc və böyük yaş qrupları üzrə idmançılar mübarizə aparıblar.
Azərbaycan milli komandası turnirdə AKF -in kontakt üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında çıxış edib. Yığmamız yarışı bir qızıl, iki gümüş və dörd bürünc medalla başa vurub.
Böyüklər arasında 80 kiloqramadək çəki dərəcəsində mübarizə aparan Səlahət Həsənov qızıl medal qazanıb. Əliqismət Həsənov və Emin İsmayıllı isə 70 kiloqramadək çəki dərəcəsində üçüncü yeri tutublar.
Qadınların yarışında Solmaz Zeynallı 60 kiloqramadək çəki dərəcəsində gümüş medala sahib olub.
On dörd yaşadək idmançılar arasında Kənan Həkimzadə 45 kiloqramadək çəki dərəcəsində ikinci, Məhəmməd Əliyev isə 50 kiloqramadək çəki dərəcəsində üçüncü olub. On səkkiz yaşadək idmançıların mübarizəsində Zəhra Kərimova 55 kiloqramdan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb.
Azərbaycan karateçiləri beynəlxalq turnirdə qazandıqları uğurları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin şərəfinə qeyd olunan 8 Noyabr - Zəfər Gününə həsr ediblər.
İdmançılarımız bu nailiyyətlərlə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramlarını, qəhrəman qazilərimizə və rəşadətli hərbçilərimizə minnətdarlıqlarını ifadə ediblər.