- Offside
- 14:20 09.11.2026
8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş yorğa qaçışları üzrə “Zəfər Kuboku” yarışı keçirilib.
Azərbaycan Atçılıq Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, turnir konsert proqramı ilə başlayıb. Ardınca Dövlət Sərhəd Xidməti Akademiyasının kursantları Azərbaycan bayrağını və Zəfər Gününün rəmzi olan 44 rəqəmini fləşmob vasitəsilə nümayiş etdiriblər. Daha sonra yarış iştirakçılarının paradı keçirilib və mübarizəyə start verilib.
Yarışda Azərbaycanın müxtəlif bölgələrindən gələn 80-ə yaxın atlı 1200-3200 metr məsafələr üzrə 14 kateqoriyada qüvvəsini sınayıb.
Artıq üç məsafə üzrə qaliblər müəyyənləşib. 1400 metr məsafəyə yürüşdə Bakı təmsilçisi Murad Həsənlinin jokeylik etdiyi “Karatay” adlı at finiş xəttini birinci keçib. 1600 metr məsafədə Gəncə təmsilçisi Xəlil Allahverdiyevin “Kabus” adlı yorğası, 1650 metr məsafədə isə Xocalıdan olan Vaqif Abdurəhmanovun “Cəllad” adlı atı qalib gəlib.
Digər məsafələr üzrə nəticələr hakimlər kollegiyası tərəfindən xüsusi videomüşahidə vasitəsilə təhlil edildikdən sonra açıqlanacaq.
Qeyd edək ki, yorğa qaçışları üzrə mövsümə noyabrın 10-da keçiriləcək əsas yarışla yekun vurulacaq.