10 noyabr 2026. Çərşənbə axşamı

Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar


  • Offside
  • 07:20 10.11.2026
  • Oxunma sayı: 50
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar

Cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandası Yaponiyada üç həftəlik beynəlxalq təlim-məşq toplanışına start verib.

90deqiqe.Az-ın məlumatına görə, hazırlıq prosesinə 16 idmançı cəlb olunub. Komandaya baş məşqçi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə və Kotaro Sasaki rəhbərlik edirlər.

Toplanışın ilk mərhələsi Tokai Universitetinin nəzdində fəaliyyət göstərən Saqami məktəbində təşkil olunub.

Yaponiyada keçirilən məşqlər cüdoçuların texniki və taktiki hazırlığının təkmilləşdirilməsi, beynəlxalq təcrübələrinin artırılması və yüksək rəqabət şəraitinə uyğunlaşması baxımından əhəmiyyət daşıyır.

Hazırlıq prosesində idmançıların fərdi texniki bacarıqlarının inkişafına, randori məşqlərinə, fiziki dözümlülüyün artırılmasına və müxtəlif üslublu rəqiblərlə mübarizə təcrübəsinin zənginləşdirilməsinə xüsusi diqqət yetirilir.

Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı yeniyetmə cüdoçuların qarşıdakı yarışlara hazırlığı ilə yanaşı, onların uzunmüddətli inkişafına və gələcəkdə əsas milli komandaya cəlb olunmasına da xidmət edir.







Offside