10 noyabr 2026. Çərşənbə axşamı

Azərbaycanın iki cüdo hakimi beynəlxalq dərəcə qazanıb


  • Offside
  • 09:29 10.11.2026
  • Oxunma sayı: 54
Azərbaycanın iki cüdo hakimi beynəlxalq dərəcə qazanıb

Azərbaycanlı hakimlər İslam Nəcəfquliyev və Vilayət Rəhimli Macarıstanın Dyör şəhərində keçirilən seminar və imtahanları uğurla başa vuraraq “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim adına layiq görülüblər.

Azərbaycan Cüdo Federasiyasından (ACF) 90deqiqe.Az-a verilən məlumata görə, noyabrın 6-8-də Beynəlxalq Cüdo Federasiyasının (IJF) proqramı çərçivəsində təşkil olunan seminar və imtahanlarda hakimlərin nəzəri bilikləri və praktiki hazırlığı qiymətləndirilib.

Seminar zamanı yarış qaydalarının tətbiqi, texniki fəndlərin qiymətləndirilməsi və müxtəlif görüş vəziyyətlərində hakim qərarlarının verilməsi video nümunələr əsasında təhlil olunub.

Noyabrın 7-8-də Dyördə keçirilən yeniyetmələr arasında Avropa Kuboku çərçivəsində hakimlər praktiki sınaqdan keçiblər. Bu mərhələdə İslam Nəcəfquliyev və Vilayət Rəhimlinin qaydaları tətbiq etmə, tatamidə mövqe seçimi, qərarların ardıcıllığı və görüşləri idarəetmə bacarıqları yoxlanılıb.

Bütün mərhələləri uğurla tamamlayan azərbaycanlı hakimlərə “B” kateqoriyalı beynəlxalq dərəcəni təsdiqləyən diplom, həmçinin müvafiq qalstuk və döş nişanları təqdim olunub.







Offside