12 noyabr 2026. Cümə axşamı

Azərbaycan nümayəndələri Berlində Beynəlxalq Paralimpiya Komitəsinin iclasında iştirak ediblər


  • Offside
  • 14:29 11.11.2026
  • Oxunma sayı: 52
Azərbaycan nümayəndələri Berlində Beynəlxalq Paralimpiya Komitəsinin iclasında iştirak ediblər

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) baş katibi Toğrul Rəhimov və Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım Almaniyanın paytaxtı Berlində keçirilən Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Üzvlük İclasına qatılıblar.

MPK-dan 90deqiqe.Az-a verilən məlumata görə, noyabrın 7-9-da “Birlikdə: Fəaliyyətə çağırış” (“Coming Together: A Call to Action”) devizi altında təşkil olunan üçgünlük tədbirdə Paralimpiya Hərəkatının gələcək inkişaf perspektivləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qarşıdakı illər üçün strateji prioritetlər müzakirə edilib.

IPC-yə üzv təşkilatları təmsil edən 250-dən çox nümayəndənin iştirak etdiyi iclasın əsas müzakirə mövzularından biri qurumun 2027-2030-cu illər üzrə Strateji Planı olub. İştirakçılar növbəti dördillik dövr üçün müəyyənləşdirilən məqsəd və prioritetlərlə bağlı fikir və təkliflərini bölüşüblər.

Bununla yanaşı, “World Para Sports” təşkilatının idarəetmə səlahiyyətlərinin ötürülməsi prosesi və 2025-ci il IPC Təsnifat Məcəlləsinin tətbiqi məsələləri də gündəmdə olub.

İclasın proqramı çərçivəsində paraidmanın inkişafı, paralimpiyaçıların idman karyeralarının müxtəlif mərhələlərində dəstəklənməsi, liderlik potensialının gücləndirilməsi və dayanıqlı inkişaf proqramlarının təşviqi mövzularında plenar sessiyalar, panel müzakirələri və praktiki seminarlar keçirilib.

IPC prezidenti Endrü Parsons çıxışında Paralimpiya Hərəkatının gələcək inkişafında beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, üzvlərin iclas zamanı səsləndirdikləri fikir və təkliflərin qurumun 2027-2030-cu illər üzrə Strateji Planının hazırlanmasına mühüm töhfə verəcəyini bildirib.







Offside