- Offside
- 23:48 11.11.2026
Bakıda eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının rəsmi açılış mərasimi təşkil olunub.
90deqiqe.A-ın məlumatına görə, Bakı İdman Sarayında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkədə idmana göstərilən dövlət qayğısından danışıb. O, deflimpiya və paralimpiya idmançılarının daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Avropa Karlar İdman Təşkilatının prezidenti İosif Stavrakakis çempionatın yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib. O, yarışın idmançılar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri Anar Bayramov da çıxışında ölkə rəhbərliyi tərəfindən idmana davamlı dəstək göstərildiyini qeyd edib. Onun sözlərinə görə, yaradılan şərait Azərbaycanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsinə imkan verir. O, həmçinin ölkəmizin deflimpiya idmanında əldə etdiyi uğurları və bu hərəkatın insanlar arasında dostluq əlaqələrinin genişlənməsindəki rolunu diqqətə çatdırıb.
Tədbir çərçivəsində Azərbaycan Deflimpiya Komitəsinin fəaliyyət tarixini əks etdirən videoçarx nümayiş olunub. Açılış mərasimi bədii proqramla davam edib.
Qeyd edək ki, cüdo üzrə Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.