13 noyabr 2026. Cümə

Bakıda region cüdoçuları üçün təlim-məşq toplanışı keçirilir


  • Offside
  • 11:44 12.11.2026
  • Oxunma sayı: 35
Bakıda region cüdoçuları üçün təlim-məşq toplanışı keçirilir

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə regionları təmsil edən idmançılar üçün Bakıda təlim-məşq toplanışına start verilib.

ACF-dən 90deqiqe.Az-a verilən məlumata görə, doqquz gün davam edəcək hazırlıq prosesinə ölkənin müxtəlif bölgələrindən 60 cüdoçu cəlb olunub. Onlardan 48-i oğlan, 12-si isə qız idmançıdır.

Toplanışın əsas məqsədi cüdoçuların qarşıdakı Azərbaycan çempionatına hazırlıq səviyyəsini yüksəltmək, onların texniki və taktiki bacarıqlarını təkmilləşdirməkdir. Məşqlərə federasiyanın peşəkar məşqçiləri rəhbərlik edirlər. Hazırlıq proqramına texniki çalışmalar, fiziki hazırlıq və fərdi bacarıqların inkişafına yönəlmiş məşqlər daxildir.

Qeyd edək ki, ACF 2023-cü ildən etibarən region cüdoçularının hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə həm bölgələrdə, həm də Bakıda mütəmadi təlim-məşq toplanışları təşkil edir. İdmançıların beynəlxalq təcrübəsinin artırılması istiqamətində bu ilin iyulunda Gürcüstanın Qori şəhərində də region cüdoçularının iştirakı ilə beynəlxalq hazırlıq prosesi keçirilib.

Hazırkı toplanış region idmançıları üçün Bakıda təşkil olunan ikinci belə tədbirdir.







Offside