13 noyabr 2026. Cümə

Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb


  • Offside
  • 12:54 12.11.2026
  • Oxunma sayı: 35
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında və Seneqalın paytaxtı Dakarda təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandaların üzvləri, məşqçilər və federasiyanın rəsmiləri ilə görüşüb.

Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, görüşdə beynəlxalq yarışların nəticələri, Azərbaycan güləşinin dünya arenasındakı mövqeyi, idmanın inkişafı istiqamətində görülən işlər və qarşıdakı hədəflər müzakirə olunub.

Çıxışlarda Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğının, dövlət dəstəyinin və müasir idman infrastrukturunun yaradılmasının idmançılarımızın beynəlxalq arenadakı uğurlarına verdiyi töhfə vurğulanıb.

Dünya çempionatında beşinci dəfə qızıl medal qazanan Eldəniz Əzizlinin Azərbaycan güləşi tarixində yeni nailiyyətə imza atması xüsusi qeyd olunub. Sənan Süleymanovun isə 15 illik fasilədən sonra Olimpiya çəkisində dünya çempionu titulunu ölkəmizə qazandırması milli güləş məktəbinin mühüm uğurlarından biri kimi dəyərləndirilib.

Bundan əlavə, Yeniyetmələrin Yay Olimpiya Oyunlarında oğlanlardan ibarət Azərbaycan millisinin iki qızıl və bir gümüş medal qazanaraq komanda hesabında birinci yeri tutması diqqətə çatdırılıb.

Mikayıl Cabbarov əldə olunan nəticələr münasibətilə idmançıları, məşqçiləri və federasiyanın nümayəndələrini təbrik edib. Qarşıdakı dövrdə hazırlıq prosesinin gücləndirilməsi və idmançıların rəqabət qabiliyyətinin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə iki ildən sonra keçiriləcək növbəti Yay Olimpiya Oyunlarına hazırlığın indidən sistemli şəkildə qurulmasının, olimpiya hədəflərinə uyğun strategiyanın həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Sonda Azərbaycan güləşinin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi və əldə olunan uğurların davamlılığının təmin edilməsi istiqamətində görüləcək işlər müzakirə edilib.







Offside