- Offside
- 00:11 13.11.2026
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı olacaq idmançıların adları açıqlanıb.
Milli Olimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, mərasimdə Azərbaycanın üçrəngli Dövlət Bayrağını boksçu Gülər Hüseynova (51 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) daşıyacaqlar.
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi noyabrın 13-də Atletlər Kəndində keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində beş medal var. Cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medal qazanıblar. Digər çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) isə gümüş medala sahib çıxıblar.
Xatırladaq ki, oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülər Süleyman İsmayılzadə və Məryəm Cavadova daşımışdılar.