- Offside
- 00:11 13.11.2026
2027-ci il mayın 9-13-də Bakıda təşkil olunacaq “SportAccord Convention 2027” beynəlxalq idman sammitinə qeydiyyat prosesi start götürüb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə 120-dən çox beynəlxalq idman federasiyasının, Beynəlxalq Olimpiya Komitəsinin (BOK), qlobal idman yarışlarına ev sahibliyi edən şəhərlərin rəhbər strukturlarının və idman sənayesinin aparıcı şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.
Ümumilikdə 65-dən artıq ölkədən 600-dən çox təşkilatı təmsil edən 1700-dən çox rəsmi nümayəndənin sammitə qatılması nəzərdə tutulur.
Beynəlxalq idman təşkilatlarının rəhbərlərini, sənaye ekspertlərini və iş dünyasının nümayəndələrini bir araya gətirəcək beşgünlük tədbir çərçivəsində beynəlxalq federasiyaların rəsmi iclasları, konfranslar, panel müzakirələri, ixtisaslaşmış sərgilər və B2B görüşlər təşkil olunacaq. İştirakçılar strateji tərəfdaşlıqlar qurmaq, təcrübə mübadiləsi aparmaq və idman sənayesinin gələcək inkişaf istiqamətlərini müzakirə etmək imkanı əldə edəcəklər.
Sammitin əsas işgüzar proqramı Bakı Konqres Mərkəzində keçiriləcək. Təntənəli açılış mərasiminə isə Heydər Əliyev Mərkəzi ev sahibliyi edəcək.
Qeyd edək ki, “SportAccord Convention 2027” Azərbaycanın beynəlxalq idman tədbirlərinin təşkilində mövqeyinin möhkəmləndirilməsi, həmçinin yerli şirkət və təşkilatların dünya idman sənayesinin aparıcı nümayəndələri ilə əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli platforma olacaq.