13 noyabr 2026. Cümə

Azərbaycan komandası Yeniyetmələrin Olimpiadasında medal sıralamasında 11-ci pilləyə yüksəlib


  • Offside
  • 00:11 13.11.2026
  • Oxunma sayı: 47
Azərbaycan komandası Yeniyetmələrin Olimpiadasında medal sıralamasında 11-ci pilləyə yüksəlib

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 13-cü yarış günü başa çatıb.

Milli Olimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, günü bir gümüş medalla başa vuran Azərbaycan komandası ümumi medal sıralamasında bir pillə irəliləyərək 11-ci yerə yüksəlib. Hazırda yığmamızın aktivində 3 qızıl və 3 gümüş medal var.

Medal sıralamasına 32 medalla (17 qızıl, 8 gümüş, 7 bürünc) Çin komandası başçılıq edir. Yaponiya 9 qızıl, 8 gümüş və 9 bürünc medalla ikinci, Rusiya isə 8 qızıl, 4 gümüş və 2 bürünc medalla üçüncü pillədə qərarlaşıb. Misir 12 medalla (6 qızıl, 1 gümüş, 5 bürünc) dördüncü, Efiopiya isə 8 medalla (5 qızıl, 3 gümüş) beşinci yerdədir.

Yarışların başa çatmasına bir gün qalmış medal qazanan ölkələrin sayı 98-ə çatıb. Onlardan 79-u qızıl medal əldə edib.

Qeyd edək ki, Azərbaycan komandasına qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıblar. Çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq) isə gümüş medala sahib çıxıblar.

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına noyabrın 13-də yekun vurulacaq.







Offside