- Offside
- 23:17 13.11.2026
Bu gün Seneqalın paytaxtı Dakarda təşkil olunan Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək.
Milli Olimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, Diamniadio şəhərindəki Atletlər Kəndinin “Village Plaza” məkanında baş tutacaq mərasim Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Tədbir zamanı gənc idmançılar Olimpiya məşəlinin söndürülməsindən əvvəl sonuncu dəfə bir araya gələcəklər.
Bağlanış mərasimində Azərbaycanın üçrəngli Dövlət Bayrağını Oyunların gümüş mükafatçıları – boksçu Gülər Hüseynova (51 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) daşıyacaqlar.
Xatırladaq ki, oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülər Süleyman İsmayılzadə və Məryəm Cavadova daşımışdılar.
Qeyd edək ki, Azərbaycan komandasının aktivində 3 qızıl və 3 gümüş medal var. Qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar.
Çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq) isə gümüş medala sahib olublar. Bu nəticə ilə Azərbaycan komandası ümumi medal sıralamasında 11-ci pillədə qərarlaşıb.