13 noyabr 2026. Cümə

QDF-in dəstəyi ilə Laçında Xalq artistləri Şəfiqə Məmmədova və Fəxrəddin Manafovun qatıldığı “Laçından keçən ulduzlar” adlı yaradıcılıq gecəsi keçirilib


  • Offside
  • 17:11 13.11.2026
  • Oxunma sayı: 52
QDF-in dəstəyi ilə Laçında Xalq artistləri Şəfiqə Məmmədova və Fəxrəddin Manafovun qatıldığı “Laçından keçən ulduzlar” adlı yaradıcılıq gecəsi keçirilib

Noyabrın 11-də Laçın rayonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova və Xalq artisti Fəxrəddin Manafovun iştirakı ilə “Laçından keçən ulduzlar” adlı yaradıcılıq gecəsi təşkil olunub.

QDF-dən  90deqiqe.Az-a verilən məlumata görə, görkəmli sənət xadimlərinin səfəri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qarabağ Dirçəliş Fondunun dəstəyi, “Hocazfilm” kinostudiyasının dəvəti ilə baş tutub.

Tədbirdə Laçın rayon ictimaiyyətinin nümayəndələri, sakinlər və Qarabağ Universitetinin tələbələri iştirak ediblər.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov salamlama nitqi ilə çıxış edərək “Laçından keçən ulduzlar” layihəsinin rayonun mədəni həyatına töhfə vermək və müxtəlif nəsillər arasında sənət vasitəsilə mənəvi körpü yaratmaq məqsədi daşıdığını bildirib. O, belə görüşlərin tanınmış sənət adamlarının təcrübəsinin gənc nəslə ötürülməsi və Laçının zəngin mədəni irsinin təbliği baxımından əhəmiyyətini vurğulayıb.

Yaradıcılıq gecəsində kino sənəti, milli kinematoqrafiyanın inkişafı, sənətin cəmiyyətə təsiri və gənclərin yaradıcılığa marağının artırılması mövzularında fikir mübadiləsi aparılıb. Xalq artistləri Şəfiqə Məmmədova və Fəxrəddin Manafov sənət təcrübələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar.

Görüşdə aktyorların canlandırdıqları obrazlar, şəxsi seçimləri və həyata baxışları ilə bağlı suallar da maraq doğurub.

Həmçinin 2026-cı ildə ilk dəfə keçirilən Laçın Beynəlxalq Film Festivalının nəticələri və rayonun mədəni həyatına təsiri müzakirə olunub. Qarşıdan gələn II Laçın Beynəlxalq Film Festivalının təşkili, proqramı və əhatə dairəsinin genişləndirilməsi ilə bağlı sənət adamlarının fikir və təklifləri dinlənilib.

Tədbirin bədii hissəsində Laçın şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Sevil Ağayeva musiqi nömrələri ilə çıxış edib.

Yaradıcılıq gecəsi sənət söhbətləri, maraqlı müzakirələr və musiqi nömrələri ilə yadda qalıb.







Offside