- Offside
- 00:07 15.11.2026
Region cüdoçuları üçün Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində “Təhlükəsiz idman” mövzusunda maarifləndirici seminar təşkil edilib.
Azərbaycan Cüdo Federasiyasından (ACF) 90deqiqe.Az-a verilən məlumata görə, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sertifikatlaşdırılmış təhlükəsiz idman üzrə ekspert Ayan Xankişiyevanın rəhbərliyi ilə keçirilən seminarda iştirakçılara idmanda zorakılıq və qısnamanın müxtəlif formaları, onların qarşısının alınması yolları, eləcə də təhlükəsiz və sağlam idman mühitinin yaradılmasının əhəmiyyəti barədə məlumat verilib.
Təlim zamanı idmançıların öz hüquq və məsuliyyətlərini bilməsi, riskli halları düzgün qiymətləndirməsi və belə vəziyyətlərlə qarşılaşdıqda hansı addımları atmalı olduqları diqqətə çatdırılıb.
Mövzunun daha yaxşı mənimsənilməsi məqsədilə praktiki nümunələr əsasında tapşırıqlar və interaktiv müzakirələr təşkil olunub. İştirakçılar müxtəlif situasiyaları təhlil edərək mümkün davranış modellərini qiymətləndirib və əldə etdikləri bilikləri praktiki nümunələr üzərində tətbiq ediblər.