15 noyabr 2026. Bazar günü

Region cüdoçuları Bakıdakı idman mərkəzləri və klublara səfərlərə başlayıblar


  • Offside
  • 16:00 14.11.2026
  • Oxunma sayı: 50
Region cüdoçuları Bakıdakı idman mərkəzləri və klublara səfərlərə başlayıblar

Azərbaycan Cüdo Federasiyasının (ACF) regionlardan olan idmançılar üçün təşkil etdiyi təlim-məşq toplanışı çərçivəsində cüdoçuların Bakıdakı idman mərkəzləri və klublara səfərlərinə start verilib.

90deqiqe.Az-ın məlumatına görə, proqramın ilk mərhələsində idmançılar Respublika Olimpiya İdman Liseyi, “Judo Club 2012” və “Atilla” klubunda olublar. Onlar yerli idmançılarla birgə randori məşqlərində iştirak ediblər.

Səfərlərin əsas məqsədi region cüdoçularının fərqli məşq mühitində təcrübə qazanmaları, müxtəlif tərəfdaşlarla çalışaraq texniki-taktiki bacarıqlarını təkmilləşdirmələri və rəqabətli şəraitdə hazırlıq səviyyələrini yüksəltmələridir.

Respublika Olimpiya İdman Liseyinə səfər zamanı müəssisənin direktoru Hikmət Babayev idmançılarla görüşərək liseyin fəaliyyəti və burada yaradılmış şərait barədə məlumat verib. Hazırda liseydə təhsil alan 90 idmançıdan 30-u regionları təmsil edir.

Qeyd olunub ki, müəssisənin yenilənmiş cüdo zalı Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir tatami və məşq prosesinin təşkili üçün zəruri avadanlıqlarla təchiz olunub.

ACF-nin Regionlarla iş sektorunun müdiri Orxan Məmmədov da cüdoçularla görüşərək onların hazırlıq prosesi ilə maraqlanıb və qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, təlim-məşq toplanışı müddətində region idmançılarının bu formatda Bakıdakı digər cüdo klublarına daha iki səfərinin təşkili nəzərdə tutulub.







Offside