- Offside
- 22:31 16.11.2026
Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev noyabrın 4-dən 14-dək ABŞ-də işgüzar səfərdə olub.
Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, səfərin əsas məqsədi güləşin inkişafı, milli komandaların hazırlıq sisteminin təkmilləşdirilməsi və idman idarəçiliyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi olub.
Səfər çərçivəsində Kolorado-Sprinqs şəhərində ABŞ Güləş Federasiyasının (USA Wrestling) nümayəndələri ilə görüş keçirilib. Görüşdə iki ölkənin federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi, idmançı və məşqçi hazırlığı, eləcə də qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə olunub.
Pərvin Piriyev ABŞ Olimpiya Təlim Mərkəzində idmançıların hazırlıq sistemi, müasir məşq metodologiyaları və idman infrastrukturunun fəaliyyəti ilə tanış olub. O, fiziki dözümlülüyün artırılması, funksional hazırlığın təkmilləşdirilməsi və çəkisalma prosesinin elmi əsaslandırılmış metodlarla təşkili mövzularında seminarlarda iştirak edib. Əldə olunan təcrübənin Azərbaycan güləşçilərinin hazırlıq prosesində tətbiqi imkanları diqqət mərkəzində olub.
Səfərin Vaşinqton mərhələsində ABŞ Nümayəndələr Palatasında, Corc Meyson Universitetində və digər qurumlarda görüşlər keçirilib. Görüşlərdə idman menecmenti, gənclər idmanının inkişafı, idmanın iqtisadi tərəqqidə rolu və müasir idarəetmə modelləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, səfər ABŞ Konqres Kitabxanasının dəstəyi və ABŞ-nin Azərbaycandakı səfirliyi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Open World” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” (Economic Development through Sports) layihəsi əsasında təşkil olunub.
Proqramda Azərbaycan Güləş Federasiyası ilə yanaşı, Azərbaycan Su İdmanı Növləri Federasiyası, Azərbaycan Üzgüçülük Federasiyası, Azərbaycan Oxatma Federasiyası və Azərbaycan Minifutbol Federasiyasının rəhbər şəxsləri də iştirak ediblər.