- Offside
- 22:31 16.11.2026
Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) 2027-ci il mayın 9-13-də keçiriləcək Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıq çərçivəsində yol infrastrukturunun vəziyyəti müzakirə olunub.
AzVİF-dən 90deqiqe.Az-a verilən məlumata görə, müzakirələr Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilib.
Federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərov ölkəmizin müasir və inkişaf etmiş yol infrastrukturuna malik olduğunu vurğulayıb. O, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) beynəlxalq yarışların təşkili zamanı yolların keyfiyyətinə və təhlükəsizlik tələblərinə xüsusi önəm verdiyini bildirib. Qeyd olunub ki, bu ilin mayında keçirilən yarışın iştirakçıları ölkəmizin yol infrastrukturunu yüksək qiymətləndiriblər.
Bununla yanaşı, bəzi marşrutlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə bərpa və təmir işləri tam başa çatdırılmamış yol hissələrində müəyyən çatışmazlıqların aşkarlandığı diqqətə çatdırılıb.
Yarışın ayrı-ayrı mərhələlərinin marşrutları nəzərdən keçirilərkən AAYDA İdarə Heyətinin sədr müavini Əli Hacıyev və Agentliyin Nəqliyyat İnfrastrukturunun İstismarı və Təmiri Departamentinin müdiri Şahin Mustafayev son aylarda yağan güclü yağışların marşrutların bəzi hissələrində yol infrastrukturuna ziyan vurduğunu bildiriblər.
Mövcud problemlərin aradan qaldırılması və ya bəzi marşrutlarda dəyişikliklərin edilməsi məqsədilə AAYDA və AzVİF əməkdaşlarının bütün marşrutlara birgə yerində baxış keçirməsi barədə razılıq əldə olunub. Baxışın nəticələrinə əsasən, konkret qərarların verilməsi nəzərdə tutulur.