- Offside
- 22:31 16.11.2026
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF), Qaradağ və Suraxanı Gənclər Evlərinin birgə təşkilatçılığı ilə Respublika Velotrekində maarifləndirici və idman tədbirləri təşkil olunub.
AzVİF-dən 90deqiqe.Az-a verilən məlumata görə, təşəbbüsün əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, velosiped idmanına marağı artırmaq və təhlükəsiz idman mühitinin formalaşdırılmasına töhfə verməkdir.
Tədbirdə çıxış edən federasiyanın baş katibi Əli Məmmədov bu cür təşəbbüslərin gənclərin velosiped idmanına cəlb olunması, müvafiq infrastrukturla tanışlığı və təhlükəsizlik qaydaları barədə məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb. O, AzVİF-in gənclərlə əməkdaşlığa xüsusi önəm verdiyini və bu istiqamətdə layihələrin davam etdiriləcəyini bildirib.
Daha sonra federasiyanın “Təhlükəsiz İdman” üzrə məsul şəxsi Vüsal Baloğlanov iştirakçılar üçün beynəlxalq “Təhlükəsiz İdman” prinsiplərinə həsr olunmuş maarifləndirici təlim keçib. Təlim zamanı idmançıların hüquqlarının qorunması, təhlükəsiz mühitin təmin edilməsi və müvafiq davranış qaydaları barədə məlumat verilib.
Proqram çərçivəsində təşkil olunan infotur zamanı gənclər Respublika Velotrekində yaradılmış infrastruktur, idman qurğuları və müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar.