- Offside
- 22:43 17.11.2026
Bolqarıstanın paytaxtı Sofiyada Kudo üzrə Avropa çempionatı keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycanı turnirdə təmsil edən Vüsal Əliyev 270 kateqoriyasında uğurlu çıxış edərək qızıl medal qazanıb və karyerasında ikinci dəfə Avropa çempionu tituluna yiyələnib.
Yarışın ilk mərhələsini birbaşa keçən idmançımız növbəti mərhələlərdə İngiltərə və Litva təmsilçilərinə qalib gəlib. Final qarşılaşmasında isə Bolqarıstan təmsilçisini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Beləliklə, Vüsal Əliyev Azərbaycanda Kudo üzrə yeganə dünya çempionu və ikiqat Avropa çempionu kimi növbəti uğura imza atıb.
İdmançımız qazandığı qələbəni torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr edib.
Qeyd edək ki, Vüsal Əliyev 2023-cü ilin mayında Yaponiyanın paytaxtı Tokioda keçirilən Kudo üzrə dünya çempionatında dörd döyüşün hamısında qalib gələrək qızıl medal qazanıb və dünya çempionu olub.
Həmin ilin oktyabrında Litvanın Kaunas şəhərində təşkil olunan Avropa çempionatında da fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək ilk dəfə qitə çempionu tituluna sahib çıxıb. Sözügedən yarışda Azərbaycan millisi ümumilikdə üç qızıl və bir gümüş medal qazanıb.