19 noyabr 2026. Cümə axşamı

FIFA prezidentliyinə ilk yaponiyalı namizədliyini irəli sürüb


  • Offside
  • 12:39 18.11.2026
  • Oxunma sayı: 47
FIFA prezidentliyinə ilk yaponiyalı namizədliyini irəli sürüb

Yaponiya Futbol Federasiyasının fəxri prezidenti Kozo Taşima FIFA prezidentliyinə namizədliyini irəli sürüb.

90deqiqe.Az-ın məlumatına görə, beş milli futbol federasiyasının dəstəyini qazanan yaponiyalı funksioner 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək FIFA-nın 77-ci Konqresi çərçivəsində təşkil olunacaq seçkidə iştirak etmək üçün rəsmi müraciət edib.

Yaponiya Futbol Federasiyasının açıqlamasında namizədlik müraciətinin noyabrın 17-də FIFA-ya təqdim edildiyi bildirilib.

Yaponiya millisinin sabiq futbolçusu və aşağı yaş qrupları üzrə komandaların keçmiş məşqçisi olan Kozo Taşima FIFA prezidentliyinə namizədliyini irəli sürən ilk yaponiyalıdır. O, 2015-ci ildən FIFA Şurasının üzvüdür.

Taşima namizədliyi ilə bağlı açıqlamasında ona dəstək verən federasiyalara təşəkkürünü bildirib.

Qeyd edək ki, FIFA-nın hazırkı prezidenti Canni İnfantino da yenidən namizədliyini irəli sürüb. Seçkidə İsveçrə millisinin sabiq futbolçusu Ramon Veqa və Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo da iştirak edəcəklərini açıqlayıblar.

Diallo Taşima ilə qüvvələri birləşdirmək niyyətində olduğunu bildirsə də, yaponiyalı namizəd fransalı həmkarı ilə hələ birbaşa görüş keçirmədiyini qeyd edib.

Xatırladaq ki, FIFA prezidentliyinə namizəd olmaq üçün ən azı beş üzv federasiyanın dəstəyi tələb olunur. Namizədlər son beş ilin azı ikisində futbol idarəçiliyində və ya futbolçu kimi fəal iştirak etməlidirlər. Namizədlik müraciətlərinin qəbulu noyabrın 18-də başa çatır. Seçkidə iştirak edəcək namizədlər FIFA-nın uyğunluq və dürüstlük yoxlamalarından keçməlidirlər.







Offside