- Offside
- 23:00 18.11.2026
Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) baş katibi Fərid Xəlilov ABŞ-yə işgüzar səfər edib.
Federasiyanın mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, səfərin əsas məqsədi idman sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, idman idarəçiliyinin müasir yanaşmaları ilə tanışlıq və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.
Səfər çərçivəsində Kolorado-Sprinqs şəhərində şəhər Şurasının 6-cı dairə üzrə üzvü Roland Reyni ilə görüş keçirilib. Tərəflər idmanın inkişafı, gənclərin bu sahəyə cəlb olunması, idman təşkilatlarının idarə edilməsi və peşəkar strukturların fəaliyyəti istiqamətində təcrübə mübadiləsi aparıblar. Futbol sahəsində geniş təcrübəyə malik Roland Reyni idman təşkilatlarının yaradılması, gənclərin inkişafının dəstəklənməsi və idmanın təbliği istiqamətində həyata keçirilən işlər barədə məlumat verib.
Vaşinqtonda isə Fərid Xəlilov ABŞ Kamandan Oxatma Federasiyasının (“USA Archery”) icraçı direktoru Meri Emmons ilə görüşüb. Müzakirələrdə kamandan oxatma idmanının inkişaf perspektivləri, idmançıların hazırlıq sistemi, məşq prosesinin təşkili, müasir infrastruktur imkanları və qarşılıqlı təcrübə mübadiləsi məsələləri diqqət mərkəzində olub. Həmçinin iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Qeyd edək ki, səfər ABŞ Konqres Kitabxanasının dəstəyi və ABŞ-nin Azərbaycandakı səfirliyi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Open World” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” (Economic Development through Sports) layihəsi əsasında təşkil olunub.
Proqramda Azərbaycan Güləş Federasiyası, Azərbaycan Su İdmanı Növləri Federasiyası, Azərbaycan Üzgüçülük Federasiyası, Azərbaycan Oxatma Federasiyası və Azərbaycan Minifutbol Federasiyasının rəhbər şəxsləri də iştirak ediblər.