- Offside
- 17:26 19.11.2026
Azyaşlı uşaqlar üçün Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasına ekskursiya təşkil olunub.
Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, özəl uşaq bağçalarından biri ilə əməkdaşlıq çərçivəsində keçirilən ekskursiya zamanı sərbəst güləş üzrə U-17 milli komandasının böyük məşqçisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev uşaqlara bələdçilik edib. O, balaca qonaqları məşq zalı ilə tanış edib və milli komandanın gündəlik hazırlıq prosesi barədə məlumat verib.
Uşaqlar peşəkar idmançıların məşqlərini izləmək və güləş mühiti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Daha sonra sərbəst güləş üzrə U-20 milli komandasının məşqçisi Əsgərxan Novruzov idmana yeni başlayanlar üçün nəzərdə tutulan ilkin texniki elementləri nümayiş etdirib. İştirakçılara güləşin fiziki inkişaf, intizam və sağlam həyat tərzinin formalaşmasındakı rolu barədə məlumat verilib.
Ekskursiyanın sonunda Hacı Əliyev və sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi, Olimpiya və dünya mükafatçısı, üçqat Avropa çempionu Cəbrayıl Həsənovun iştirakı ilə avtoqraf mərasimi keçirilib. Uşaqlar idmançılarla xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, AGF bu cür tədbirlər vasitəsilə uşaqlar arasında güləşə və ümumilikdə idmana marağın artırılmasını, sağlam həyat tərzinin təşviqini və idmanın kütləviləşdirilməsini hədəfləyir.