19 noyabr 2026. Cümə axşamı

“Eurosport” Bakı–Xankəndi velosiped yarışını yayımlamaqda maraqlıdır


  • Offside
  • 14:56 19.11.2026
  • Oxunma sayı: 16
“Eurosport” Bakı–Xankəndi velosiped yarışını yayımlamaqda maraqlıdır

Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışının beynəlxalq yayımının təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) 90deqiqe.Az-a verilən məlumata görə, “Eurosport” telekanalının beynəlxalq tərəfdaşlıq üzrə baş direktoru Marizi Basten və beynəlxalq brend tərəfdaşlıqları üzrə meneceri Artur Mayyard federasiyanın qonağı olublar.

Qonaqları salamlayan AzVİF-in birinci vitse-prezidenti Sahib Ələkbərov “Eurosport”un uzun illərdir federasiyanın etibarlı tərəfdaşlarından biri olduğunu vurğulayıb.

Bildirilib ki, Azərbaycanda keçirilən beynəlxalq velosiped yarışlarının rəsmi yayımçısı olan telekanal vasitəsilə ölkəmizdə təşkil olunan yarışlar dünyanın müxtəlif ölkələrində milyonlarla tamaşaçıya çatdırılıb. Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışı da “Eurosport” vasitəsilə 190 ölkədə 19 dildə yayımlanıb.

Telekanalın nümayəndələri Azərbaycanda keçirilən velosiped yarışlarının yüksək təşkilatçılıq səviyyəsini müsbət qiymətləndirərək, ölkəmizlə əməkdaşlığın gələcəkdə də davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Görüşdə 2027-ci il mayın 9-13-də keçiriləcək Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışının beynəlxalq yayımının təşkili ilə bağlı məsələlər ətraflı müzakirə olunub.

Qonaqlar daha sonra Respublika Velotrekində idmançılar üçün yaradılmış şəraitlə tanış olub, velosiped muzeyinə baş çəkərək Azərbaycanda bu idman növünün tarixi və inkişaf yolu barədə məlumat əldə ediblər.

Səfər çərçivəsində “Eurosport” nümayəndələri gənclər və idman naziri Fərid Qayıbov, həmçinin Bakı Media Mərkəzinin və “Sea Breeze”in rəhbər şəxsləri ilə də görüşüblər.







Offside