- Offside
- 18:07 19.11.2026
Futzal üzrə Azərbaycan Yüksək və Birinci Liqalarında 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
AFFA-nın mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, tədbir çərçivəsində futzalın yeni loqosu da təqdim olunub.
Mərasimdə AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva, baş katib Cahangir Fərəcullayev, qurumun digər rəsmiləri, futzal və futbol ictimaiyyətinin nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Cahangir Fərəcullayev komandalara yeni mövsümdə uğurlar arzulayıb. O, AFFA-nın nəzdində Futzal və Çimərlik Futbolu Departamentinin yaradıldığını diqqətə çatdıraraq yeni strukturun kollektivinə fəaliyyətində müvəffəqiyyətlər diləyib.
Baş katib Azərbaycan futzal millisinin bundan sonra da yalnız yerli oyunçulardan formalaşdırılacağını bildirib.
Daha sonra AFFA-nın Futzal və Çimərlik Futbolu Departamentinin rəhbəri Fərid Babayev Yüksək və Birinci Liqaların reqlamentləri barədə məlumat verib. O, U-19 Futzal Liqasının yaradıldığını və bu yaş kateqoriyasında altı komandanın iştirakı ilə çempionatın keçiriləcəyini açıqlayıb.
Reqlamentə əsasən, Yüksək Liqanın birinci mərhələsinin yekununda ilk altı yeri tutan komandalar Çempionlar qrupunda, 7-10-cu pillələrdə qərarlaşan kollektivlər isə Prestij qrupunda mübarizəni davam etdirəcəklər. Çempionlar qrupunun qalibi mövsümün çempionu olacaq.
Prestij qrupunu sonuncu pillədə başa vuran komanda Birinci Liqaya düşəcək. Doqquzuncu yeri tutan kollektiv isə Birinci Liqanın ikincisi ilə pley-off qarşılaşmasında üz-üzə gələcək.
Püşkatma mərasimində hər iki liqada birinci turun oyunlarının təqvimi müəyyənləşib.
Yüksək Liqa
I tur
“Marafon” – “Şuşa”
“İmişli” – “Xankəndi”
“Baku Fire” – “Atidel Ordubad”
“Yasamal Bakı” – “Araz-Naxçıvan”
“Rəvan” – “Neftçi İK”
Birinci Liqa
I tur
“Ulduz Bakı” – “Baku Fire-1”
“MC Finans” – “Metropoliten Bakı”
“Star Kargo” – “Neftçala”
“Bakı” – “İçərişəhər Bakı”
“Xəzər” – “Xan Lənkəran”
Qeyd edək ki, “Timsport” komandası ilk turu buraxacaq. Qarşıdakı mövsümdə Yüksək Liqada 10, Birinci Liqada isə 11 komanda mübarizə aparacaq.