- Offside
- 21:27 20.11.2026
2026-cı ilin “İdman Paytaxtı” seçilən Qazax şəhərində İdman Festivalı təşkil olunur.
Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, festivalda 13-15 yaşlı idmançılar 25 idman növü üzrə bacarıqlarını nümayiş etdirirlər. İştirakçılar atletika, ağırlıqqaldırma, atıcılıq, badminton, basketbol, boks, cüdo, futbol, gimnastika, həndbol, alpinizm, qılıncoynatma, qış idman növləri, kamandan oxatma, reqbi, stolüstü tennis, su idman növləri, taekvondo, güləş, tennis, triatlon, velosiped idmanı, voleybol və üzgüçülük üzrə təmsil olunurlar.
Festival çərçivəsində ilkin tibbi yardım, hərbi-vətənpərvərlik, vokal, maketləşdirmə, xilasetmə, konstitusiya, skautinq, antidopinq və süni intellekt mövzularında təlimlər də keçirilir. Bununla yanaşı, iştirakçılar arasında kamandan oxatma yarışı təşkil olunub.
Noyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov tonqal ətrafında festival iştirakçıları ilə görüşüb. Nazir gənclərlə söhbət edib, onların suallarını cavablandırıb.
Səmimi şəraitdə keçən görüşdə müxtəlif idman növlərini təmsil edən yeniyetmələr festivalla bağlı təəssüratlarını bölüşüblər.
Sonda Fərid Qayıbov iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Qazaxda keçirilən İdman Festivalına noyabrın 22-də yekun vurulacaq.