- Offside
- 20:25 21.11.2026
Azərbaycan millisinin iki boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Aşırəliyev 1/4 finalda İspaniya təmsilçisi Brandon Hinea Kollasosla qarşılaşıb. Rəqibini hakimlərin yekdil qərarı ilə məğlub edən boksçumuz 5:0 hesablı qələbəyə imza atıb. Görüşün hakimlər tərəfindən verilən xalları 30:27, 30:27, 30:27, 29:28 və 30:27 olub.
Aşırəliyev yarımfinalda İrlandiya boksçusu Qavin Rayanla üz-üzə gələcək.
Digər təmsilçimiz Nicat Alırzayev də (70 kq) uğurlu çıxışını davam etdirib. O, Monteneqrodan olan Miloş Roqanoviçi 3-cü raundda tam üstünlüklə məğlub edərək növbəti mərhələyə adlayıb. Alırzayev finala vəsiqə uğrunda Fransa təmsilçisi Cemal Cemmalla döyüşəcək.
Yarımfinala yüksələn hər iki idmançımız ən azı bürünc medalı təmin edib. Bu mərhələnin qarşılaşmaları noyabrın 22-də baş tutacaq.
Qeyd edək ki, 39 ölkədən 276 boksçunun qatıldığı qitə birinciliyinə noyabrın 24-də yekun vurulacaq. Azərbaycan millisinin daha iki üzvü bu gün 1/4 final mərhələsində rinqə çıxacaq.