- Offside
- 20:25 21.11.2026
Gənclər və idman naziri Fərid Qayıbov noyabrın 20-də “İdman Paytaxtı” elan olunan Qazaxda idman federasiyalarının nümayəndələri ilə 29-cu görüşünü keçirib.
Bu barədə 90deqiqe.Az-a nazirlikdən məlumat verilib.
Qazax Gənclər Evində təşkil olunan görüşdən əvvəl rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov və Milli Məclisin deputatı Səməd Seyidov tədbir iştirakçılarını salamlayıblar.
Fərid Qayıbov federasiya nümayəndələri ilə görüşərək “İdman Paytaxtı”nda və digər regionlarda yeni idman bölmələrinin yaradılmasının əhəmiyyətini vurğulayıb, qarşıda duran əsas məsələlər barədə məlumat verib.
Görüşün gündəliyinə uyğun olaraq, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun (MİTRİ) təqdimatı dinlənilib. Azərbaycan İdman Akademiyasına qəbul prosesi və Mərkəzləşdirilmiş Reyestr Sistemi ilə bağlı çıxışlar olub.
Bundan başqa, Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının nəticələri, 2027-ci il üzrə idman təqvimi, FISU-2027 Oyunlarına hazırlıq məsələləri müzakirə edilib.
Ölkə miqyasında keçirilən idman yarışlarında protokol tədbirlərinin təşkili və icra qaydaları, federasiyaların sosial media fəaliyyəti ilə bağlı hesabatlar da diqqət mərkəzində olub. Görüşdə gündəlikdəki digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.