- Offside
- 17:42 22.11.2026
Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında Azərbaycan millisinin daha iki boksçusu yarımfinala yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, 1/4 final mərhələsinin ikinci günündə Bilalhəbaşi Nəzərov (50 kq) çexiyalı Filip Horvatı hakimlərin yekdil qərarı ilə 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib. İkiqat Avropa çempionumuz yarımfinalda İsrail təmsilçisi David Zaxari ilə qarşılaşacaq.
Digər boksçumuz Zidan Hünbətov (55 kq) da inamlı qələbə qazanıb. O, serbiyalı Nikola Maksimoviçi 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə üstələyib. Hünbətov finala vəsiqə uğrunda fransalı Kristofer İppokratla döyüşəcək.
Beləliklə, Azərbaycan millisinin yarımfinala yüksələn boksçularının sayı dördə çatıb. Daha əvvəl Məhəmmədəli Aşırəliyev (60 kq) və Nicat Alırzayev (70 kq) da bu mərhələyə adlayaraq ən azı bürünc medalı təmin ediblər.
Qeyd edək ki, yarımfinal görüşləri bu gün, final qarşılaşmaları isə noyabrın 24-də keçiriləcək.