- Offside
- 19:49 23.11.2026
Azərbaycan Basketbol Federasiyası (ABF) ilə Azərbaycan İdman Akademiyası (ASA) arasında basketbolun inkişafı, kütləviləşdirilməsi və idman təhsili ilə praktiki fəaliyyətin inteqrasiyasının gücləndirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə ABF-nin mətbuat xidmətindən məlumat verilib.
Memorandumun əsas məqsədi tərəflərin elmi-tədris və praktiki imkanlarını birləşdirərək yüksəkixtisaslı idman mütəxəssislərinin hazırlanmasına, tələbə və gənclərin idmana cəlb olunmasına dəstək göstərməkdir.
Sənəd çərçivəsində müxtəlif yaş qrupları üzrə liqa və turnirlərin təşkili, basketbol infrastrukturunun inkişafı, sağlam həyat tərzinin təşviqi, istedadlı gənc idmançıların aşkarlanması və yüksək səviyyəli yarışlara hazırlanması nəzərdə tutulur. Eyni zamanda, məşqçilər, hakimlər, idman menecerləri və həkimlər üçün ixtisasartırma imkanlarının yaradılması da əməkdaşlığın əsas istiqamətlərindəndir.
Memorandum akademiya tələbələrinin ABF-də praktiki dərslər və təcrübə proqramlarında iştirakını, yarışların təşkili və idman idarəçiliyi sahəsində real iş mühiti ilə tanışlığını da əhatə edir. Tələbə və gənclərin basketbol oyunlarına cəlb olunması, universitetlərdə fan klubların formalaşdırılması, eləcə də idman jurnalistikası və kommunikasiya sahəsində gənc media nümayəndələrinin inkişafına yönələn birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Əməkdaşlığın ölkə basketbolunda akademik biliklə praktiki təcrübənin birləşməsinə, həm meydançada, həm tribunalarda, həm də media sahəsində yeni nəslin yetişməsinə töhfə verəcəyi gözlənilir.