- Offside
- 18:52 24.11.2026
Azərbaycan Cüdo Federasiyası (ACF) cüdonun təbliği və bu idman növünün dəyərlərinin geniş auditoriyaya çatdırılması məqsədilə hazırlanan “Cüdo bizə yad deyil!” adlı yeni imic filmini təqdim edib.
ACF-dən 90deqiqe.Az-a verilən məlumata görə, film cüdonun fəlsəfəsi ilə milli mədəniyyət və gündəlik həyatımız arasındakı mənəvi bağlılığı ön plana çıxarır. Hörmət, nəzakət, dostluq, cəsarət, təvazökarlıq və özünə nəzarət kimi cüdo dəyərləri gündəlik həyatdan tanış səhnələr vasitəsilə tamaşaçılara çatdırılır.
Filmdə musiqiçinin tamaşaçılara ehtiramı, uşaqların bir-birinə dəstəyi və çətin anlarda təmkinli davranış cüdo tatamisində formalaşan münasibətlərlə paralel şəkildə əks olunur. Milli musiqi elementlərinin müşayiət etdiyi səhnələr cüdonun aşıladığı prinsiplərin Azərbaycan cəmiyyətinə və milli dəyərlərə nə qədər yaxın olduğunu nümayiş etdirir.
İmic filmində cüdonun yalnız fiziki hazırlıq vasitəsi deyil, həm də şəxsi inkişaf, intizam, xarakter və həyat bacarıqlarının formalaşmasına töhfə verən bir məktəb olduğu vurğulanır.
Layihənin əsas məqsədlərindən biri uşaqlar, gənclər və qadınlar arasında cüdoya marağı artırmaq, eləcə də valideynlərin diqqətini bu idman növünün övladlarının fiziki və mənəvi inkişafına verdiyi töhfələrə yönəltməkdir.
“Doğma dəyərlərlə özünü kəşf etmək üçün səni tatamiyə gözləyirik!” çağırışı ilə film izləyiciləri cüdo ilə daha yaxından tanış olmağa dəvət edir.